Morqdan nəş necə yoxa çıxıb…?
5 Fevral 2019

Hefteaz.info xəbər verir ki Siyası Məhbusların Müdafiə Mərkəzinin(SMMM) üzvü hüquq müdafiəçisi Taleh Xasməmmədov Gəncə hadisələrində həlak olan Sərxani Ağa Hüseyn oğlu haqqında status yazıb. Həmin statusu sizə təqdim edirik
Bu gün Gəncə şəhərindən bizə pənah gətirmiş “Gəncə hadisələri” ilə bağlı qətlə yetirilən “Müsəlman Birliyi” hərəkatının üzvü Sərxani Ağa Hüseyn oğlunun həyat yoldaşı Sərxani Sevinc Deputat qızı ilə aramızda söhbət və müzakirələr oldu. Sevinc Sərxaninin fikirlərindən aydın oldu ki, 24 iyul 2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon ərazisində DİN-nin xüsusi təyinatlı “Aslanlar Qrupu” tərəfindən silahlı müqavimət göstərdiyi bəhanəsilə atəş açılaraq öldürülmüş Ağa Sərxaninin bu günə qədər nəşi onlara təhvil verilməyib. Həmçinin hadisədən 6 ay keçməsinə baxmayaraq Binəqədi rayon prokurorluğu tərəfindən onun hüquqi varis olduğuna dair heç bir rəsmi qərar və ya məlumat verilməyib. Sanki belə bir hadisə olmayıbmış kimi və ya olubsa da ciddi heç nə olmamış kimi…
Eyni zamanda Sevinc Sərxani Binəqədi rayonunda yerləşən morqda olarkən həyat yoldaşının meyidini aparmaq istədiklərini, onlara təhvil verilməsini xahiş və tələb edib. Ona bildiriblər ki, “burada meyid saxlanılmır, biz cənazəni Gəncə şəhəri, Kəpəz rayon Polis Şöbəsinin sahə müvəkillərindən birinə təhvil vermişik”.


Bu hadisənin bu qədər qanunsuz və hüquqa zidd şəkildə gizlədilməsi insanı dəhşətə gətirməyə bilməz. Bir ailənin xanımı öz həyat yoldaşının nəşini 6 aydır ki,hüquq-mühafizə orqanlarının əlindən ala bilmir. Nə ortada nəş var, nə də ki, qəbir. Mərhumun anası 1932-ci il təvəllüdlü, 2 gözdən kor olmuş Verdiyeva Dilşad Əşrəf qızı da bu günə qədər oğlunun ölümünü bilmir, hadisə ondan gizlədilərək oğlunun Rusiya Federasiyasında olduğunu deyiblər.
Qətlə yetirilmiş Ağa Sərxani Gəncə şəhərində yerləşən ticarət mərkəzlərinin birində ayaqqabı satışı ilə məşğul olurmuş. Ağa Sərxani 10 iyul tarixinə təyin olunmuş “Gəncə Qiyamı” adlanan aksiyada iştirak etməmək üçün 09 iyul tarixində yaşadığı yeri tərk edərək Bakı şəhərinə gedib. Ehtimal olunur ki, o qətlə yetirilməmişdən qabaq Bakı şəhərində yerləşən Nərimanov parkından həbs olunaraq aparılıb və sonradan onun ölümü barədə xəbərləri ailəsi və yaxınları internət vasitəsilə xəbəri oxuduqda biliblər.
Qeyd edim ki, Azərbaycanın hüquqi dövlət olduğunu bəyan edən hakimiyyət nümayəndələri belə hadislərə və nəticələrə görə bir az həya etməli və baş verən qanunazidd hərəkətləri aradan qaldırmalıdırlar. Bir qadın 6 aydır həyat yoldaşının itmiş nəşini axtarır, harada axtarır və ya harada axtarmalıdır sualına isə cavabı məsul şəxslərdən gözləyirik…
Oxşar